Xəzər Xəbər

"Ağaclıqda qəfil çıxıb..." Qadınların qənimi həbs edildi

Hadisə | 13:19 • 19 Sentyabr 2018
"Ağaclıqda qəfil çıxıb..."

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.

XəzərXəbər xəbər verir ki, sentyabrın 15-də idarəyə müraciət edən Sumqayıt şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb.

Məmməd Vəliyevin ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb.

Belə ki, onun müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub.

İstintaq zamanı onun qadınlara ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu sübuta yetirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən Məmməd Vəliyevin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sumqayıt şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti