Polis və prokurorluq
orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri
ərazisində törədilən qətlin üstü "isti izlər”lə açılıb və cinayəti
törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev
qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri
olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olmuş məlumatla
əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təxirəsalınmaz
istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə
şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş
Rövşən Məmmədov saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilib.