Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluq birgə məlumat yayıb. XəzərXəbər-ə daxil olan birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi
islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində
qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə
uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi məqsədi ilə
görülən işlər prioritet məsələlər sırasında olmaqla, inşaat sektorunun
inkişafı üçün münbit və əlverişli şərait yaradılıb. Eyni zamanda, dövlət
başçısının qanunsuz tikililərə şərait yaradan halların araşdırılaraq
təqsirkar şəxslərin ciddi cəzalandırılması ilə bağlı göstərişlərinə
uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının
alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə
çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil
olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq
sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı
Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın
Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına
qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən
edilib.
Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi
üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin
188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ
olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma
işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama,
satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi
başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların
tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin
müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
ilə əlaqəli şəkildə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi
şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün
tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti
orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına
dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması
qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan
şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.