Bakı şəhərində yol
hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların
qarşısını almaq və gecə saatlarında kobud qayda pozuntuları törədən
sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisi
tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir
əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni "saxla”
əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan
idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı
yönəlib.
Tədbir
zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə
"Mersedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verildi. Amma
sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirdi. Daha
sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan
sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırdı.
Yol
polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş
vəziyyətdə idarə edən sürücülər da aşkar edildi. Nəsimi rayonu
ərazisində saxlanılan "Dodge” markalı avtomobilin sürücüsü Səhhət
Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə
etdiyi məlum oldu. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb
məntəqəsinə dəvət edilsə də, o bundan imtina etdi. Daha sonra tibbi
müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olundu
və bu barədə protokol tərtib edildi.
Yol
polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər
aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi
vurğulanıb. Bakı
Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən
bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı
şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar
tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan
7181 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216
avtoxuliqanlıq, 1209 ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327
işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində
tərtib olunub.