Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə
uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi
islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində
qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə
uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi
sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla,
ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait
yaradılıb. XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir. Qeyd olunub
ki, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş
korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı
şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş
yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki,
bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə”
Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının
işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı
şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə
razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin
verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı
şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib,
rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı
halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma
sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər
barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim
edilməməsi kimi qanun pozuntuları aşkar olunub.
Qeyd olunan
faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla
torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin
aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət,
istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi
başlanaraq istintaq aparılır.
Hazırda cinayət işi üzrə qeyd
olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun
pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin
müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri
davam etdirilir.