Xəzər Xəbər

Polis külli miqdarda narkotik aşkarladı - saxlanılanlar var

Hadisə | 11:21 • 25 İyul 2018
Polis külli miqdarda narkotik aşkarladı -

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində iyulun 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, 6,5 kiloqramdan çox tiryək və 5 kiloqrama yaxın marixuana, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 41 ədəd narkotik tərkibli bitkilər aşkarlanaraq götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübariz İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsgərov Yasamal rayonunda saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb. Onun Sabunçu qəsəbəsindəki yaşadığı evdə əlavə olaraq 1 kiloqramdan artıq heroin, 118 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkarlanıb.


Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov 5 qram tiryəki satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və 1 ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkarlanaraq götürülüb.


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevdən marixuana aşkarlanıb. Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evində isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana aşkar edilib.


Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolunu, yaşadığı evdən 460 qram marixuananı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolunu, evindən isə 465 qram marixuananı aşkarlayaraq götürüblər.


Faktlarla bağlı cinayət işləri başlanılıb.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti