Bu il yanvarın
əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq
sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə
start verilib.
Nazirlikdən XəzərXəbər-ə verilən xəbərə görə, bu ilin 6 ayı ərzində quduzluq xəstəliyinə qarşı
240644 baş it (o cümlədən 1900 baş sahibsiz it) peyvənd olunub. Dövlət
Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə
tədbirlərini artıq başa çatdırıb.
Qeyd edək ki, quduzluq
xəstəliyi bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır
zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus
mənşəli xəstəlikdir.
Quduzluq xəstəliyinin törədicisi orqanizmə
ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş
beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin
inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə
qədər davam edə bilər. İtlərdə xəstəliyin 5 forması - coşğun, sakit,
atipik, abortiv və qayıdan formaları aşkar edilib.
Xəstəliyin
coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu
dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə
hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu
dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən
narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır,
toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik
axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq
müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən
yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir
maneəyə məhəl qoymur.
İt həddən artıq aqressivləşir, hər şeyə
hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir.
Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və
dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə
üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə
çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə
edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı
olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu
dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf
olur.