Xəzər Xəbər

Bakıda qanlı hadisə törədən müğənni MƏHKƏMƏ QARŞISINDA

Hadisə | 14:00 • 29 İyun 2018
Bakıda qanlı hadisə törədən müğənni

Musiqiçi tanışını bıçaqlayan müğənni Əfsər İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Müğənni özünü təqsirli bilmədiyini deyib.

O sərbəst ifadəsində bildirib ki, Nəsimi rayonu ərazisində yerləşən "Nar" kafesində zərərçəkmiş Asif İbadovla bir yerdə işlədiyib: "Asif sintizatorda ifa edirdi. Daha əvvəl onunla "Pərvin" kafesində aparaturanın üstündə mübahisəmiz düşmüşdü, münasibətlərimiz yaxşı deyildi. "Nar" kafesində isə o, əvvəl orada müğənni kimi çalışan qızların əvvəl ifa etməsini istəyirdi. Mənim də öz müştərilərim var idi. İmkan vermirdi ki, əvvəl mən mahnı oxuyum. Kafedə Asiflə mübahisələrimiz davam edirdi. Sonra çölə çıxanda Asif məni çiynimin arxasından bıçaqla vurdu, yerə yıxıldım. Qalxanda isə sol gözümdən yumruqla zərbə endirdi. Mən də onu bıçaqlayıb, bacımgilə getdim. Asifi qorxduğum üçün vurdum. Bacımgil evə həkim çağırdı. Asifi bıçaqlayanda Əhməd orada idi. Kürəyimdə də çapıq var".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə barədə polisə məlumat verməyib və bir ay Bakıda qalıb, xarici pasport çıxartdırıb: "Qardaşım Rusiyada yaşayırdı. Dedi ki, gəl bura müalicə olun. Mən də Rusiyaya getdim. Orada bir müddət qalandan sonra yenidən Bakıya qayıtdım. Hava Limanında polislər tərəfindən saxlanıldım".

Proses iyulun 6-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonunu"Nar" kafesinin yaxınlığında baş verib.

Kafelərin birində müğənni fəaliyyəti ilə məşğul olan Əfsər İsmayılov onu sintizatorda müşaiət edən Asif İbadovu bıçaqlayıb.

Hadisəyə səbəb Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Bundan qəzəblənən müğənni musiqiçi tanışı bıçaqlayıb.

Hadisə yerindən qaçan Ə.İsmayılov hava limanında saxlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti