Daşkəsən rayonu
ərazisində 24 iyun 2018-ci il tarixdə saat 20:00 radələrində baş vermiş
təbii fəlakət, güclü leysan yağışları səbəbindən yaranmış sel suları
rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi
yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə
olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi
ziyan vurub.
İcra hakimiyyətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.
Sel
suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə
dağıtmış, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan
körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq
aparmış, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız
hala salmış, bir çox yaşayış evlərini su basıb. Qaraqullar kəndi
ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini
sıradan çıxarmış, bir neçə avtomobili kənddən keçən çay sularının
axınına salaraq aparıb.
Çoxsaylı
kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi
kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd
elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan
iri qaya parçaları qoparaq avtomobil yollarına tökülmüş, həmin yollarda
nəqliyyatın hərəkəti tam dayanmış və yararsız vəziyyətə düşüb.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah
yaratmış, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və
hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış
keçirib. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə dəymiş ziyanların
qısa müddətdə aradan qaldırılacağına söz verib.
Dəymiş
ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında
müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili
tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.
Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə
saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara
lazımi köməklik göstərilir. Belə ki, kəndlərdə xəsarət alan sakinlərə
Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi
yoxdur.
Təbii fəlakətin çətinliyinə baxmayaraq vətəndaşlarda
böyük inam da yaranıb ki, hökumətimiz onları tezliklə bu təhlükəli
vəziyyətdən çıxaracaq, kommunikasiya xətləri, yollar, körpülər bərpa
olunacaq, yaşayış binalarına dəymiş ziyan aradan qaldırılacaqdır.