Azərbaycan
Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri
arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun
4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd»
şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik
tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə
verilən xəbərə görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil
cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi,
silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik
vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə
yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının
müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks
təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq
məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə
yetirilməsi olub.
Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz
rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər
törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya
Federasiyası tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab
olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər
saxlanılıb.
Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 pulemyot, 6
tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd
müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron
götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə
əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi 3 tondan çox 13600 ədəd
çətənə kolu məhv edilib. Bundan başqa, tədbirlər zamanı ölkəmizin
sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin
açılması da təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və
azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına,
qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə
birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi
planlaşdırılır.