Xəzər Xəbər

Gömrükdə külli miqdarda qızıl aşkarlanıb

Hadisə | 12:07 • 8 İyun 2018
Gömrükdə külli miqdarda qızıl aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və sorğu-sual edilib. O, üzərində gömrük nəzarətinə bəyan olunası əşyanın olmadığını söyləyib.


Lakin yoxlama zamanı, vətəndaşın üzərində - jiletinin cibində 1 cüt sırğa, şalvarının cibində 3 ədəd boyunbağı və 1 cüt sırğa, əl çantasındakı cüzdanın içərisində 3 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, şalvarının iç tərəfində isə xüsusi düzəldilmiş cibdə 2 ədəd üzük, 1 ədəd sırğa-üzük dəsti, 1 cüt sırğa, 6 ədəd qolbaq, 1 dəst sırğa-üzük-kulon aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 130,02 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti