Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. XəzərXəbər-in
məlumatına görə, birgə məlumatda bildirilib ki, Dövlət Təhlükəsizliyi
Xidmətinin əməkdaşları tərəfindən 05 fevral 2018-ci il tarixdə həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda
narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və
500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop
maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir
olan bir qrup şəxs halında İran İslam
Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası
ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman
oğlu ifşa edilərək saxlanılmışdır. Faktla bağlı başlanılmış cinayət işi
üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən
həbs qətimkan tədbiri seçilmişdir.
Davam edən istintaqla cinayət
əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən
Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə
keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib
saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir
edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülmüşdür.
X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Araşdırmalar
zamanı məlum olmuşdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər
şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan
Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini
Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən
şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında
dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti almışlar. Araşdırmalarla
həmçinin müəyyən edilmişdir ki, S.Abdullayeva 24 may 2018-ci il tarixdə
itkin düşmüşdür.
Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi
üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti
orqanlarından xaric edilmiş və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs
qismində saxlanılmışlar.Hazırda S.Abdullayevanın itkin düşməsi ilə
bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri davam etdirilir.