Xəzər Xəbər

Evdən oğurluq edən yeniyetmələr qonağı bıçaqlayıblar

Hadisə | 12:45 • 24 May 2018
Evdən oğurluq edən yeniyetmələr qonağı bıçaqlayıblar
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə mayın 20-də saat 17 radələrində Bakıxanov qəsəbəsində yaşayan A.Baxşıyevin evinin həyətinə girmiş 2 nəfərin oradan əlvan metal oğurlayarkən ev sahibinin qonağı olan qohumu, Bakı şəhər sakini Ə.Baxşıyevin onlardan birini tutmağa cəhd göstərməsi, bu zaman həmin şəxsin ona bıçaqla xəsarət yetirərək aradan çıxmaları barədə müraciət daxil olub.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. ​Araşdırmalar zamanı mayın 14-də həmin evdən məişət əşyalarının və inşaat materiallarının oğurlandığı da müəyyən edilib.


Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. ​Onların hər ikisinin paytaxt sakini və yeniyetmə olduqları məlum olub. ​Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti