Bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyllərinin də artması müşahidə olunur.
2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olmuşdur.
Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində
başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə
birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət
əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı
Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç
müəyyən edilərək saxlanılmış, onlara məxsus bank hesablarında olan
vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata
keçirilməsinin qarşısı alınmışdır.
Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını
qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş,
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən cari fəaliyyətin, elektron bankçılığın qanunsuz və əsassız müdaxilələrdən müdafiə onunan şəkildə qurulmasının diqqətdə saxlanılmasını vacib hesab edir.