Xəzər Xəbər

Bakıdakı partlayışa görə tutulan “vəzifəli” keçmiş tikinti baronudur

Hadisə | 13:33 • 22 May 2018
Bakıdakı partlayışa görə tutulan “vəzifəli” keçmiş tikinti baronudur

Virtualaz.org saytı Bakıda kafedə ölümlə nəticələnən partlayışla bağlı tutularaq istintaqa cəlb edilən "Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevlə bağlı bəzi məlumatlar əldə edib. Bəlli olub ki, Qərbi Azərbaycandan olan bu iş adamı əvvəllər tikinti sahəsi ilə məşğul olub, amma birinci devalvasiyadan sonra işləri yaxşı gətirməyib.

"Azərtransservis” ASC sovet dövründə fəaliyyət göstərmiş avtobazanın əsasında yaradılıb və həmin iş adamı tərəfindən özəlləşdirilib. Lakin müəssisə təyinatına uyğun fəaliyyət göstərmir və onun ərazisində işlənmiş avtomobil ehtiyat hissələri satan xırda mağazalar, habelə köhnə maşınları söküb ehtiyat hissələrinə ayıran avtoservislər açılıb.

"Dollar bahalaşandan sonra binanın tikintisi yarımçıq qaldı, mənzilləri də sata bilmirdi. Bundan sonra maşınını da satmışdı. Əyyub ancaq tikinti biznesi ilə məşğul olub”, -iş adamının adını açıqlanmasını istəməyən tanışı deyib. Onun sözlərinə görə, partlayışın baş verdiyi, kafe-çayxana iş adamının qardaşının adına olub, icarəyə verilib.

"Dedilər ki, icarə sənədləri olmayıb, rəsmi müqavilə bağlanılmayıb. Buna görə də kafenin faktiki sahibi kimi istintaqa cəlb edilib”-mənbə deyib.

Xəbər verildiyi kimi həmin müəssisəyə məxsus ərazidə fəaliyyət göstərən, yüngül taxta konstruksiyalardan quraşdırılmış kiçik kafe-çayxanada ötən gün propan balonu partlayıb, nəticədə iki nəfər yerindəcə, bir nəfər isə bu gün xəstəxanada ölüb. Daha bir nəfərin vəziyyəti kritikdir.

Həmin partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, tutulan şəxs "Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir. Tutulanların sayının artacağı istisna edilmir. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.


Xəbər lenti