Vergilər Nazirliyi
pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz
markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində
nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, bu yaxınlarda paytaxt ərazisində yerləşən,
alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində
ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri
keçirilmiş və bu zaman qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz
markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış
məhsulların satışının aparılması faktları aşkar edilmişdi.
Ölkəyə
qeyri-qanuni yolla idxal olunan aksizsiz malların reallaşdırılması ilə
məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət
şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif
çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən
istifadə edir, bir çox hallarda belə məhsulları ticarət şəbəkəsinin
özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli
saxlanc nöqtələrində gizlədirlər.
İsti izlərlə aparılan əməliyyat
tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz
edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər
rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus
fərdi yaşayış evində 40.672 qutu aksiz markasız tütün məmulatları aşkar
olunaraq götürülüb.
Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron
rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr
zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların
satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr
əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi
nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda
aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və
satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin
obyektlərdən 18.500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları
aşkar edilərək götürülüb.
Faktlarla bağlı Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci
(Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka
olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının
hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər
külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin
213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda
törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və Bakı
şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun
ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan
H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri
seçilib.
Aksiz markasız və saxta aksizli malların satışını həyata
keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin
məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.