Astara Gömrük
İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan
məlumata əsasən, İran İslam Respublikasından gələn Azərbaycan
Respublikasının vətəndaşı Elnur Mirrəhim oğlu Əhədovun idarə etdiyi
"Qaz-3110" markalı, 10-RS-660 dövlət nömrə nişanlı minik avtomobili
saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə XəzərXəbər-ə DGK-nin mətbuat xidmətindən məlumat verilib. Baxışdan öncə, sürücü
üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən
gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat
vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.
Yoxlama
zamanı, xidməti it avtomobilin alt hissəsinə reaksiya verib və daha
sonra minik maşını əsaslı yoxlanılıb. Nəticədə, maşının alt hissəsində
gömrük nəzarətindən gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf
sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı
bükümlər aşkar edilib.
Gömrük yoxlaması tam başa çatdıqdan sonra
isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3000 qram olan
narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə
birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu
müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.