Hava Nəqliyyatında Baş
Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin
Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə
keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan XəzərXəbər-ə verilən məlumata görə, Ankara-Bakı
aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən
onun baqajı "X-Ray" aparatıyla yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa
məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə
doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar
yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində
"LYRICA Pfızer Pregabalin 300 mg kapsül" sözləri yazılmış 120 konvalyut
- cəmi 1680 ədəd kapsul aşkar edilib.
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən
kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan
kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram
təşkil edir.
Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının
müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və
onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma
aparılır.