Son bir ay ərzində
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının apardığı risk təhlilləri
nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən
yayındırılmasının qarşısı alınıb. Komitədən
XəzərXəbər-ə verilən məlumatda deyilir ki, risklərin müəyyən edilməsi, onların
təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər
maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə
məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə yaradılmış
xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılmaqdadır.
Mallara
dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın
miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların
düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların
qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə
olunmuşdur. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra
təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar
aşkarlanıb:
"Manifest – 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə
idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük
rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının
dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin
nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək
əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan
edilməsi müəyyən olunub.
Aparılmış təhlillərin nəticəsi olaraq
ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr
doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə
ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı
təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi
nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız
badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin
əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Eyni
zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə
mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı
idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar
aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə
idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş
provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunub və
gömrük tarif dərəcəsinə əsasən 0 % idxal gömrük rüsumu tətbiq edilməsinə
cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə
kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası
İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində
bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689
AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin
edilib.
Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də
ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan
olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan
boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların
gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması
məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun
olması aşkarlanaraq əlavə 35 271 AZN məbləğində gömrük ödənişlərinin
dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Ölkə ərazisinə idxal
olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim
olunması ilə bağlı bəzi faktlar isə aşağıdakılar olub:
Belə ki,
müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə
sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC
şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta
mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla
əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə
müvafiq tədbirlər həyata keçirilib.
Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan
baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi
olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem
əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq
sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranıb və
Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanıb. Nəticədə,
təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.
Ukraynanın
"Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal
Traders" MMC – nin ünvanına idxal olunan divar kağızlarının təhlili
aparılıb. Azərbaycanla Ukrayna arasında gömrük əməkdaşlığı sahəsində
əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə
Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal –
müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys
dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal
olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058
ABŞ
Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub.
Nəticədə əlavə olaraq 38 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət
büdcəsinə köçürülməsi təmin olunub.