Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan
şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral
kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən
binalar üçün ciddi təhlükə yaranıb.
Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə
gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların
zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.
Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki,
kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir.
Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə
əlaqədar "Azərsu” ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə
"Azərsu” ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib. Yeni plastik
kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20
gündə yekunlaşacağı bildirilir.
Baş vermiş qəza ilə əlaqədar "Azərsu” ASC-nin rəhbər şəxsləri hadisə
yerinə gəliblər. "Azərsu” ASC-dən verilən məlumata görə, yaxın aylarda
Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun
üçün maliyyə vəsaiti ayrılıb.