Ötən gün bir sıra
kütləvi informasiya vasitələrində İran İslam Respublikasından ölkəmizə
toyuq ətinin gətirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar
yayılıb.
Dövlət Gömrük Komitəsindən
XəzərXəbər-ə verilən xəbərə görə, 2016-cı ilin dekabr ayından etibarən İran İslam
Respublikasından ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub,
miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin
gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir.
"Məlumatda
istinad edilən gömrük əməkdaşının dedikləri isə, ümumiyyətlə həqiqətə
uyğun deyil. Üstəlik xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs
barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki,
xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam
qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan
edilib, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli
şəxslərinin Etik Davranış Kodeksi"ndə nəzərdə tutulan prinsip və
qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini
təkrarən pozduğuna görə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 9 yanvar 2018-ci il tarixli əmri ilə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb".
Eyni
zamanda komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan
da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar
Gömrük İdarəsinin yol vergiləri bölməsinin böyük inspektoru, gömrük
xidməti kapitanı Rövşən Vəliyev "Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"nin 4.4-cü və
4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə
müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət
etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya
vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə
əsaslanan fikirlər səsləndirib. Onun bu hərəkəti ictimaiyyətə doğru
olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti
vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının
tələblərini pozub.
"Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini dəfələrlə təkrarən pozduğuna görə Dövlət Gömrük Komitəsinin 2 fevral 2018-ci il tarixli əmri ilə Biləsuvar
Gömrük İdarəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən
Vəliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu
maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilib və
həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük
orqanlarında xidmətinə xitam verilib".