Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları
tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması,
həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb
olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata
keçirilib. Nəticədə bu tipli qanunazidd əməllərlə məşğul olmaqda şübhəli
bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov
polis əməkdaşları tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə
baxış zamanı 0,991 qram narkotik maddə hesab edilən heroin aşkar olunub.
Əməliyyat
tədbirlərinin davamı olaraq R.Kərimovun yaşadığı evə də baxış
keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan heroin
aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik
vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy
verilib. Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni
qabaqcadan cinayət əlaqəsinə girdiyi şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Saxlanılan
şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla
bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.