Xəzər Xəbər

Suraxanı ərazisində 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb

Hadisə | 12:49 • 16 Dekabr 2017
Suraxanı ərazisində 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb

Suraxanı ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 "Topaz” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd "playstation” kompyuteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Xəbər lenti