Xəzər Xəbər

Azərbaycanda 950 qramlıq uşaq doğuldu

Hadisə | 12:35 • 14 Dekabr 2017
Azərbaycanda 950 qramlıq uşaq doğuldu

2015-ci ilin yanvarın 1-dən diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar bu meyarlar əsasında isə artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri - ürək döyüntüsü, nəfəsalma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır. Azərbaycanda tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr "diridoğulmuş uşaq” adlandırılmırdı. Onlara "gecikmiş düşük” deyilirdi. Hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kiloqramdan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) peşəkar həkimləri daha bir ailəyə övlad sevinci bəxş ediblər.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, yaxın qohum nikahında olan qadın illərdir müalicə alsa da, effekti olmayıb, 3 düşük baş verib. RMDM-in ginekoloq-endokrinoloqu Pərvin Nəbiyeva:

"Düşüklər adətən, 22 həftəyə qədər ola bilir. Əsas faktorlar genetik, anatomik, endokrin, immunoloji və s.-dir. Bu pasiyentimiz səkkiz il ailəli olan, son iki ildə sonsuzluq və depressiyadan şikayətlənən 28 yaşlı qadın idi. Bizə müraciət etdiyi zaman tərəfimizdən lazımi müayinələr aparıb, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: daha bir ailəyə övlad sevinci yaşatdıq!”

Neanatoloq-pediatr Arzu Həsənovanın sözlərinə görə, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə azçəkili (950 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində onun həyatda qalması təmin olunub:

"Zəruri müayinələr ("Topuq testi”, ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb”.

Xəbər lenti