Xəzər Xəbər

Bərdədə mal-qara oğruları ələ keçdi – Əməliyyat

Hadisə | 17:59 • 11 Dekabr 2017
Bərdədə mal-qara oğruları ələ keçdi

Bərdə rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 5-də Bərdə rayon Lənbəran kənd sakini Fərhad Məmmədov rayon polis şöbəsinə ərizə verərək, ona məxsus 1 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalarla onların Bərdə şəhər sakinləri, əvvəllər məhkum edilmiş Rəşad Xıdırov və Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Onlar oğurladıqları heyvanları Məhəmməd Məmmədova məxsus "Toyota Camry” markalı avtomobilin yük yerində daşıdıqlarını etiraf ediblər. Götürülən maddi sübut sahibinə qaytarılıb.

Dindirilmə zamanı onlar dekabrın əvvəllərində 3 baş qoyunu və 4 ev quşunu oğurlayaraq dəyər-dəyməzinə satdıqlarını deyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti