Xəzər Xəbər

Ermənistan ordusunda ciddi itki: 11 ayda 56 hərbçi ölüb

Hadisə | 09:38 • 30 Noyabr 2017
Ermənistan ordusunda ciddi itki:

2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan və işğal edilmiş Dağlıq Qarabağ ərazisində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrinin tərkibində 56 ölüm hadisəsi qeydə alınıb.

XəzərXəbər Ordu.az-a istinadən xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin cari ilin 9 ayı ərzində erməni ordusunda baş verən ölüm hadisələri ilə bağlı hesabatında 46 fakt öz əksini tapıb. Daha 10 hadisə isə oktyabr və noyabr aylarında baş verib.

Son 2 ayın məlumatlarına görə, baş verən 10 ölüm hadisəsindən cəmi 2-si təxribata cəhd edərəkən baş verib.

Digər 8 ölüm hadisəsində isə 1 hərbi qulluqçu qəfil, 3 hərbi qulluqçu mina partlayışı nəticəsində, 1 hərbi qulluqçu anbarda baş verən partlayış nəticəsində, 1 hərbi qulluqçu avtomobil qəzası nəticəsində, 1 hərbi qulluqçu özünəqəsd nəticəsində, 1 hərbi qulluqçu digər əsgər yoldaşı tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.

Aşağıda son 10 ölüm hadisəsi göstərilib:

- 10 oktyabr, saat 11:00 radələrində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Çaplin Armeni Marqaryan atəşkəs rejiminin pozulması nəticəsində sinə nahiyyəsində odlu silah yarası ilə hospitala təxliyyə edilib və saat 21:00 radələrində hospitalda ölüb.

- 19 oktyabr, saat 15:50 radələrində Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Tiqran Armeni Xaçatryan təxribata cəhd edərkən çiyin nahiyyəsində aldığı odlu silah yarasından ölüb.

- 20 oktyabr, saat 12:40 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Aram Sirekani Xaçatryan əsgər yoldaşı tərəfindən sag çiyin nahiyyəsindən aldığı odlu silah yarasından ölüb.

- 20 oktyabr, saat 17:20 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Hraç Ararati Avetisyan ona təhkim edilmiş avtomat silahdan əsgər yoldaşı tərəfindən alın nahiyyəsinə açılmış odlu silah yarasından ölüb.

- 4 noyabr, saat 12:10 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin anbarında təsərrüfat işləri apararkən mina partlayışı nəticəsində müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Hrant Xaçaturi Manqasaryan ölüb. Anbar rəisi müqaviləli hərbiqulluqçu Qevorq Hyusnunts və müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Sergey Ayumyan müxtəlif dərəcəli xəsarətlərlə hospitala təxliyyə edilib.

- 21 noyabr, saat 18:35 radələrində işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmənin ön xətt mövqelərində mühəndis istehkam işləri apararkən mina partlayışı nəticəsində mina qəlpələri xəsarətindən leytenant Qeğam Koryuni Zakaryan, müddətli xidmət hərbi qulluqçuları, erməni əsgərləri Sarkis Qurqeni Abrahamyan, Sarkis Mheri Məlikyan ölüb. Müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Narek Hayki Hoveyan mina partlayışı qəlpə yaraları ilə hospitala təxliyyə edilib.

- 23 noyabr, saat 08:00 radələrində Ermənistan müdafiə nazirliyinin hərbi hissəsinin müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Qevorq Samveli Xanamiryan idarə etdiyi "UAZ" markalı avtomobillə qəza törədib və təxliyyə edildiyi hospitalda saat 12:00 radələrində ölüb.

- 24 noyabr, saat 09:30 radələrində Ermənistan müdafiə nazirliyinin Vanadzorda yerləşən hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Qarnik Borisi Petrosyan sinə nahiyyəsindən ağrılarla bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət edib, 24 noyabr saat 09:55-də hospitala təxliyyə edilərkən yolda ölüb. Onun, ürək damar infaktından öldüyü bildirilib.

Helsinki vətəndaşlıq assambleyasının Vanadzor ofisinin məlumatına görə, cari ilin 9 ayı ərzində (yanvar-sentyabr) ölən 46 nəfərdən 29 nəfəru müddətli hərbi qulluqçuları olub. 44 hadisə haqqında rəsmi məlumat verilib, 2 hadisə barədə yalnız kütləvi informasiya vasitələri ilə xəbər yayılıb. 9 ay ərzində baş verən hadisələrin böyük hissəsi, yəni 29 hadisə işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində baş verib. İstintaq idarəsindən verilən məlumata görə, 38 ölüm hadisəsi barədə cinayət işi açılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Xəbər lenti