Xəzər Xəbər

Gömrükdə avtomobilin təkərlərindən görün nə tapıldı FOTO

Hadisə | 15:39 • 29 Noyabr 2017
Gömrükdə avtomobilin təkərlərindən görün nə tapıldı

Yeni il bayramı yaxınlaşdıqca bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malları gətirməyə cəhd göstərirlər.

Kütləvi informasiya vasitələrində aparılan davamlı məlumatlandırma işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra şəxslər pirotexniki məmulatı təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə çalışırlar.

Xəbər verdiyimiz kimi, artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları avtomobillərin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində gizlətməklə ölkənin gömrük ərazisinə gətirməyə cəhd edirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır. Son günlər həyata keçirilən əməliyyat tədbirləri və gömrük yoxlamaları zamanı bir neçə belə fakt aşkar edilib.

DGK-nin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, daha bir oxşar fakt Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "VAZ-21074” markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd "Big cracker” və 18 ədəd "Draggon eggs cracker” markalı pirotexniki vasitələr aşkarlanıb.

Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

Dövlət Gömrük Komitəsi bir daha nəzərə çatdırır ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Xəbər lenti