İllər öncə vağzalı
sədası ilə ata evindən gəlin köçən Gülər Cavadova (Ad, soyaq
şərtidir-red) haradan bilərdi ki, bir gün dünyaya gətirdiyi övladları
ilə küçəyə atılacaq, doğmaları ondan imtina edəcək.
6
uşaq anası olan Gülər ağlına belə gətirməzdi ki, ömrünün ən gözəl
çağlarında sevdiyi oğlan onu həyatın ən çətin sınağı ilə üz-üzə qoyacaq
və bir dəfəlik tərk edəcək. Amma həyat bu, sevinci bəxş etdiyi qədər
acımasızdır...
"Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan 30 yaşlı Gülər
ürəkdağlayan həyat hekayəsini əməkdaşımıza danışıb. Bildirib ki, 2007-ci
ildə ailə qurub. Altı uşaq anasıdır. 4 qızı, iki oğlu var. Onun qara
günləri yenicə dünyaya gətidiyi körpənin qayınanası və həyat yoldaşı
tərəfindən başqa bir ailəyə satılmasından sonra başlayıb.
"Hamilə
olanda həmişə 5 ayını gizli saxlayırdım. 5-ci uşağıma hamilə qalanda
məlum oldu ki, qız uşağıdır. Buna görə qaynanamın fitvası ilə qərara
gəlindi ki, bu uşaq 17 il evli olan və uşağı olmayan başqa bir ailəyə
verilsin. Həmin ailə qaynanamla toy məclislərindən birində razılaşıb ki,
uşağı onlara verək. Bunun müqabilində nə istəsələr köməklik
edəcəklərini deyiblər. Bildiriblər ki, uşaq veriləndən sonra bir ailə
kimi olacağıq, bir-birimizin evinə gedib- gələcəyik. Bunu eşidəndə razı
olmadım. Yoldaşımla qaynanam dedi ki, razı olmasan, uşaq doğulandan
sonra onun maddi tərəfini özün qarşılamalı olacaqsan. Mən isə bildirdim
ki, nə olursa olsun, uşağa özüm baxaram, ancaq onu heç kimə vermərəm.
Ancaq onlar sakitləşmədilər, yoldaşım uşağın veriləcəyini qəti şəkildə
bildirdi. Mənə dedilər ki, sən uşağı doğacaqsan və hamıya bildirəcəksən
ki, uşaq doğulandan sonra ölüb. Hətta valideynlərimin də bundan xəbəri
olmamalı idi. Onlar istəmirdi ki, camaat uşağın satılmasından xəbər
tutsun.
Uşağı Mingəçevirdə xəstəxanada dünyaya gətirən kimi onu
həmin ailəyə verdilər. Əlacsız qalmışdım. Nə edəcəyimi bilmirdim. O
gündən sonra evimizdə davalar başladı. Uşağımı qaytarmaq üçün mübarizə
aparırdım. Məhkəmə ilə uşağı geri gətizdirdim. Amma yenə onu məndən
alıb, həmin ailəyə verdilər”.
Övladı əlindən alınan ana həmin
ərəfədə 6-cı uşağa hamilə qalıb. Dediyinə görə, bundan xəbər tutan həyat
yoldaşı onu da satmağa hazırlaşırmış:
"6-cı uşağı sığınacağa
gələndən sonra dünyaya gətirdim. Anladım ki, bunu da satmaq istəyirlər.
Ərim uşaq satmağı artıq özünə peşə etmişdi. Əvvəlki uşağımın
qarşılığında ev, yaxşı pul almışdı. İndi həmin evdə gəzdiyi qadınla
yaşayır. Altıncı uşağa hamilə qalanda onu da satmaq istəyirdilər. Anası
ilə danışırdı ki, bu dəfə yaxşı pul almaq lazımdır. Heyf, övladlarım
ondan atalıq görmədilər”.
Əli hər şeydən üzülən Gülər başına
gələn hadisələri valideynlərinə demək qərarına gəlib. O, övladlarını
götürüb, ata evinə gedib. Ancaq Güləri nə valideynləri, nə də qardaşları
qəbul edib.
"Rayon yerində belədir ki, əgər ailə qurmusansa,
boşana bilmərsən. Altıncı hamiləliyim zamanı evdən çıxıb, uşaqlarımla
birlikdə atamın evinə getdim. Gördüm ki, orada dolanmaq mümkün deyil.
Qardaşlarım məni qəbul etmədilər. Məcbur qalıb Bakıya gəldim.
Oğlanlarımı
məndən aldılar. Məhkəmədə ərim uşaqları öyrətdi ki, ananızdan imtina
edin. Onlar da atalarının dediklərini elədilər. Məhkəmənin qərarı ilə
oğlanlarım ərimdə, üç qızım məndə qaldı. O biri uşağım isə həmin
ailədədir. Ən kiçik uşağım altı aylıqdır. Bundan sonra bir məqsədim var.
Övladlarımı bir yerə yığıb, onlara baxmaq istəyirəm. Mübarizə
aparacağam. Sonu nə olursa olsun, geri çəkilməyəcəyəm”./azvision.az