Xəzər Xəbər

Piyadaları vurub qaçan sürücülər tutuldu

Hadisə | 13:21 • 27 Noyabr 2017
Piyadaları vurub qaçan sürücülər tutuldu

Noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən qaçan sürücülər polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri ilə müəyyən edilərək istintaqa təhvil veriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.

Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyən edilib. 29-cu Polis Bölməsi və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə yol-nəqliyyat hadisəsinin "BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən naməlum avtomobillə vurulması məlum olub.

Suraxanı Rayon Polis İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla araşdırma aparılır.

Xəbər lenti