Oktyabrın 2-dən 5-dək yağan intensiv
yağışlar nəticəsində Astaranın 83 yaşayış məntəqəsində elektrik
enerjisinin verilməsində problem yaranıb.
Bu barədə Astara
Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda
elektrik enerjisinin bərpa edilməsi üçün ərazidə briqada işləyir.
"İranla sərhəddə yerləşən Suparibağ inzibati ərazi nümayəndəliyinin Astara
çayı ilə həmsərhəd olan Rudəkənar, Məscid məhəllə, Qapıçı məhəllə
kəndlərində subasma olub. Gecə saatlarında 75 ailə təxliyə olunub.
Fövqəladə Komissiya ərazidə araşdırma aparır, təxminən 150-ə yaxın evi
su basıb. Zingüləş (Astaraçay
üzərində ), Ovala, Motlayataq (Pensər çay üzərində) kəndlərində çay
üzərində olan körpüləri su aparıb. Pensər çayının daşması nəticəsində
Şağladüzə kəndi ərazisində avtomobil yolunun 30 metr ərazisini su yuyub
və 3 kəndlə əlaqə kəsilib.
Deqədi-Pəlikəş avtomobil yolunda 17 yerdə torpaq sürüşməsi baş verib. Əraziyə texnika göndərilib, işlər gedir. Astara çayına yaxın olan ərazilərdə də subasma olub. Rayona dəyən ziyan araşdırılır”./azvision.az