Xəzər Xəbər

Polis reyd keçirdi Piyadalar cərimələndi

Hadisə | 17:05 • 22 Sentyabr 2017
Polis reyd keçirdi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən paytaxt Bakıda, o cümlədən hərəkətin intensiv olduğu digər şəhər və rayonlarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospekti və A.M.Şərifzadə küçəsində yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə növbəti reyd təşkil olunub.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Reyd zamanı polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.

Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.

Xəbər lenti