Bakıda oğurluqda şübhəli bilinən gənc polisdən qaçan zaman avtomobillə vurulub.
XəzərXəbər Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə
hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğurlamağa cəhd
göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın
cəhdinin qarşısını alıb.
O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin "102” zəng
mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik
Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs
polisdən qaçmağa çalışıb.
Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə
məşğul olan "Mercedes” markalı avtomobil vurub. Yaralı təcili yardım
vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun
vəziyyətini ağır kimi qiymətləndirir.
Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o,
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.