İyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4065 dəfə pozub.
XəzərXəbər xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni
silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120
millimetrlik minaatanlardan, snayper tüfənglərindən, 122 millimetrlik
D-30 haubitsalarından, iriçaplı pulemyotlardan və qumbaraatanlardan
Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Ötən ay Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı
kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin təxribatı
nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə
İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak
olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü
Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata
götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən
bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən
susdurulub.
İyul ayında Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən
planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc
sakinlərin qisasının alınması üçün Azərbaycan Silahlı Qüvvələri
Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə,
xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə
dəqiq atəş zərbələri vurub. Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki
qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, düşmənin tabor
mərkəzinə daxil olan bölmələrinin xeyli canlı qüvvəsi məhv edilib, bir
neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi
infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Eyni zamanda, Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində
yerləşən qoşunların qarşıdurma xəttində növbəti dəfə döyüş pilotsuz uçuş
aparatından istifadə edib. Düşmənin kustar üsulla hazırladığı
yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun
bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər
Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Bundan əlavə, ötən ay Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa
rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan
silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz
qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və
əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda
Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə
Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati
rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan)
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq
insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar
1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında
imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu
məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt
sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan,
Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya,
Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə
bağlı BMT">BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT">BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.