Hesablama Palatasının Kollegiyası
müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən
2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış
vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş
auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Palatadan XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin və
tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı
585 ədəd çarpayı və ümumilikdə 3312,5 ədəd tibbi və qeyri tibbi ştat
vahidləri təsdiq edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339,0 min nəfər
əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün
tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi,
Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş
mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət
göstərib. Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30,3
mln.manat məbləğində vəsait xərc edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə
müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 103,5
vahid vahid və ya 3,1%-i 2016-cı ilin əvvəlinə isə 119,5 vahid və ya
3,6%-i vakant olub, onlardan müvafiq olaraq 2015-ci ildə 68,25 vahidi,
2016-cı ildə 77,25 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə
əvəzçilik üzrə verilib. Şöbənin tabeliyində fəaliyyət göstərən
xəstəxanalarda çarpayıların illik işləməsi 340 gün Doğum evlərində isə
300 gün proqnozlaşdırlıb. Çarpayı günlərinin icrası 2015-ci ildə 77,7%,
2016-cı ildə 81,5% olub.
Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı
günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə
düşən dərman xərci 2015-ci ildə 0,5 - 4,0 manatadək, 2016-cı ildə 0,3 -
6,9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5,6 - 6,2 manatadək və 4,8
- 6,0 manatadək fərqli olub. Xəstəxanalarda ərzağın menyularda
göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox
göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilib, müvafiq
Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının
alımasına vəsait xərc edilib.
Eyni zamanda, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən,
təsdiqedici sənəd olmadan dərman silinib, stasionar müalicədə
istifadəsi nəzərdə tutulmuş dərman preraratları imtiyazlı reseptlər
əsasında ambulator müalicə alan xəstələrə verilib.
"Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun
olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın
tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi
nöqsanlara yol verilib, "Təmir məsrəflərinin mühasibat uçotunda əks
etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyib, sosial-mədəni və
məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş
vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmyaraq xərcə silinib.
Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Səhiyyə şöbəsi
tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan
qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib, müəyyən edilmiş digər
nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu
istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına
məlumat verilməsi məqsədilə Qərarın surəti Sumqayıt Şəhər Səhiyyə
şöbəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti
üzrə Səhiyyə Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə
göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.