Xəzər Xəbər

Ər Bakıya qaçan arvadına 23 bıçaq zərbəsi vurub MƏHKƏMƏDƏ ÜZLƏŞDİLƏR

Hadisə | 15:55 • 30 İyul 2017
Ər Bakıya qaçan arvadına 23 bıçaq zərbəsi vurub

Həyat yoldaşı tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan qadınların böyük əksəriyyəti boşanmağa qərar verir, məhkəmələrə üz tutur. Amma çox zaman bunun da faydası olmur. Keçmiş ər qadının həyatına müdaxilə etməkdən əl çəkmir, qısqanır, öldürməklə hədələyir, hətta öldürür də...

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan 42 yaşlı Kamran Bilalovun məhkəmə istintaqı yekunlaşıb. XəzərXəbər virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Kamran Bilalov ötən ilin noyabr ayının 15-də keçmiş həyat yoldaşı Xatirə Bilalovanı öldürmək məqsədilə onun işlədiyi mağazanın yaxınlığına gələrək qadının işdən çıxmasını gözləyib. Axşam saatlarında X.Bilalovanın avtobus dayanacağına doğru getdiyini görüncə ona yaxınlaşıb və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Keçmiş arvadına 23 bıçaq zərbəsi endirən K.Bilalov hadisə yerindən qaçıb. Ağır dərəcəli bədən xəsarətləri alan yaralını xəstəxanaya hadisə şahidi olan şəxslər çatdırıb.

"Evə qayıtmasını, ailəmizi dağıtmamasını xahiş etdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Kamran Bilalov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində uzun müddət həmkəndlisi Xatirəni istədiyini, 1997-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan üç övladları olduğunu göstərib. Evləndikdən sonra kənddə - Xatirənin atası evində yaşayıblar. K.Bilalov ailəsini dolandırmaq üçün işləri ilə əlaqədar mütəmadi olaraq Rusiyaya gedib-gəlib, ilin çox hissəsini orada keçirib. Arabir ailəsinə baş çəkmək üçün rayona gəlsə də, on-on beş gün sonra yenidən geri qayıdıb. Ər-arvad arasındakı münasibətlər 2015-ci ilə qədər normal olub: "Həmin vaxtdan etibarən Xatirənin saymazyana münasibətlərinə görə aramızda mübahisələr baş verirdi. Getdikcə münasibətlərimiz daha da kəskinləşdiyindən uşaqları da götürüb Bakıda yaşayan bacısının yanına getdi. Xatirənin başqa kişilərlə münasibətindən şübhələnmişdim. Dəfərlərlə zəng vurub evə qaytımasını, ailəmizi dağıtmamasını xahiş etdim. O da söz verdi ki, noyabrən 15-də rayona qayıdacaq".

"Onu öldürmək niyyətim yox idi"

Keçmiş arvadının kəndə qayıtmağa pulu olmadığını fikirləşən K.Bilalov özü onun arxasınca paytaxta yollanıb. Xatirənin bacısı Hicranənin Məhəmmədli qəsəbəsində yerləşən kafelərdən birində işlədiyini bildiyindən elə birbaş oraya yollanıb: "Dəfələrlə zəng vurdum, zənglərimə cavab vermədi. Təsadüfən Kürdəxanı yolunda dayanacaqda olarkən Xatirənin 173 saylı avtobusdan düşüb telefon dükanına girdiyini gördüm. Axşama qədər dayanıb Xatirənin mağazadan çıxmasını gözlədim. Axşam işdən çıxanda yaxınlaşıb məni niyə aldatdığını, rayona qayıtmadığını soruşdum. Xatirə məni söydü, gödəkçəmi dartıb cırdı, ölmüş atamın ünvanına söydü. Əsəbləşdim, bıçaqla zərbələr endirdim".
X.Bilalovanın səs-küy saldığını görən K.Bilalov bıçağı cibinə qoyaraq hadisə yerindən uzaqlaşıb. O, paytaxtda qalmayaraq birbaş İsmayıllı rayonuna gedib. Elə həmin rayonda da polis əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə aparılıb: "Onu öldürmək niyyətim olmayıb. Atamın ünvanına söyüş söyməsi məni özümdən çıxartdı. Əsəbləri cilovlaya bilmədim".

"Boşanmaq üçün məhkəməyə müraciət etmişdim"

Zərərçəkmiş şəxs qismində dindirilən Xatirə Bilalova ifadəsində böyük oğlunun hərbi xidmətdə olduğunu, qızlarının isə orta məktəbdə oxuduqlarını göstərib. Həyat yoldaşı ilə münasibətlərinin pozulmasına səbəb isə Kamranın spirtli içki içməsi və döyüb-incitməsi olduğunu deyib:
"Münasibətlərimiz pisləşmişdi. Ona görə də boşanmaq üçün Göyçay rayon məhkəməsinə iddia ərizəsi verdim. Kamran boşanmaq istəmədiyi üçün boşana bilmirdik. Amma ayrı yaşayırdıq, Kamran anasıgilnən qalırdı".

"Zəng vurur, mesaj göndərir, öldürəcəyi ilə hədələyirdi"

Xatirə Bilalovanın ifadəsinə görə, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Kamran dəfələrlə zəng vuraraq ərizəsini geri götürməyi tələb edib, əks halda onu öldürəcəyi ilə hədələyib. Məhkəmənin qərarından sonra Xatirə uşaqlarını da özüylə götürərək işləmək məqsədilə Kürdəxanı qəsəbəsində yaşayan bacısının yanına köçüb. Ata-anası rayonda tək qaldığından arabir onlara baş çəkmək üçün kəndə gedib-gəlib:

"Maddi cəhətdən korluq çəkdiyim üçün iş axtarırdım. Bacımın vasitəsilə Məhəmmədli qəsəbəsində telefon dükanında iş tapa bildim. Hadisə baş verən gün səhər saatlarından etibarən Kamran yenə zəng vurur, mesaj göndərir, məni öldürəcəyi ilə hədələyirdi. Ona görə də, zənglərinə cavab vermirdim. Axşam yenə zəng vurub harada olduğumu soruşduqda "işdəyəm" dedim. Məni öldürəcəyini, yaşamağa qoymayacağını dedikdə əsəbləşib telefonu söndürdüm. İş vaxtı bitdiyindən mağazadan çıxıb dayanacağa doğru getdim. Avtobus gözləyən zaman Kamranın əlində bıçaq mənə sarı gəldiyini gördüm. Qışqırdım, qaçmağa başladım, köməyə adam çağırdım. Ətrafda heç kim yox idi deyə köməyimə gələn olmadı. Kamran mənə çatıb bıçaqla boynumdan , gicgahımdan vurdu. Əlindən çıxıb yenı qaçdım. Arxadan mənə çatıb yenidən zərbələr endirdi, yerə yıxıldım. Kömək üçün qışqırırıdım. Bir nəfərin gəldiyini, bundan sonra Kamranın qaçdığını gördüm. Sonra huşumu itirdim".
Sonuncu dəfə K.Bilalov tərəfindən ötən ilin avqust ayında döyülən qadın Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edib. X.Bilalovanın müraciəti əsasında K.Bilalov barədə cinayət işi başlanılıb, araşdırma aparılıb:"Mən nə Kamranı, nə də onun ata-anasını söyməmişəm. Kamran mənə çatan kimi "səni öldürəcəyım" deyib bıçaqla vurmağa başladı. Həmin vaxt heç bir söz deməyə macal tapmadım".

"Elə bildim maşın vurub!"

Şahid qismində dindirilən Şirxan Qəhrəmanov ifadəsində Məhəmmədli qəsəbəsində telefon dükanı işlətdiyini, Xatirə Bilalovanı hadisədən üç gün əvvəl dükana satıcı götürdüyünü göstərib: "Xatirəni dükanın yaxınlığında kafedə işləyən bacısı Hicranəyə görə tanımışam. Hicranə bacısının iş axtardığını, onu dükana işçi götürməyini xahiş etmişdi. Mən də razılaşdım. Hadisə baş verən gün dükanı bağlayıb evə getmək üçün avtobus dayanacağına gəldim. Bu vaxt bir nəfərin yerə yıxılıb qaldığını gördüm. Həmin şəxsin Xatirə olduğunu, qan içində yerə uzandığının şahidi oldum. Əvvəlcə elə bildim ki, maşın vurub. Nə olduğunu soruşdum, huşsuz vəziyyətdə idi, cavab verə bilmədi. Bacısına xəbər vermək üçün Hicranənin işlədiyi kafeyə tərəf qaçdım. Sonra Xatirəni maşına qoyub xəstəxanaya apardıq".

Məhkəmənin hökmü ilə Kamran Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti