Xəzər Xəbər

DSMF-nin daha bir şöbəsində nöqsanlar tapıldı

Hadisə | 13:36 • 24 İyul 2017
DSMF-nin daha bir şöbəsində nöqsanlar tapıldı

Hesablama Palatasının kollegiya iclasında 2016-cı ilin yanvarın 1-dən 2017-ci ilin yanvarın 1-dək olan dövrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Quba rayon şöbəsi (şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

XəzərXəbər Hesablama Palatasının saytında yer alan məlumata istinadən xəbər verir ki, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Təqdim edilmiş məlumatlara əsasən 2016-cı ildə fond tərəfindən 8 mln. 821,2 min manat həcmində təsdiq edilmiş proqnoz 84,6% icra edilərək 7 mln. 460,6 min manat vəsait toplanıb. Həmin vəsaitin 5 mln. 778,3 min manatı və ya 77,5%-i büdcə, 1 mln. 682,3 min manatı və ya 22,5%-i qeyri-büdcə sektorundan daxil olub, bu sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq 86,4% və 78,7% təşkil edib.

Cari ilin 1 yanvar tarixinə sığortaolunanların sayı isə 10460 nəfər, o cümlədən büdcə sektoru üzrə 8228 nəfər (78,7%), qeyri-büdcə sektorunda hüquqi şəxslər üzrə 1772 nəfər (16,9%), fiziki şəxslərin işçiləri üzrə 460 nəfər (4,4%) təşkil edib.

Auditə təqdim olunmuş müvafiq məlumatlara əsasən 2016-cı il ərzində fond üzrə hesablanmış vəsait 8 mln. 69,5 min manat təşkil edib. Həmin vəsaitin 98,8%-i məcburi dövlət sosial sığorta haqqından, 1,2%-i tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrdən, cəmi 3,2 min manatı isə sanatoriya-kurort yollayışlarının satışından daxilolmalardan ibarət olub.

Məcburi dövlət sosial sığortası üzrə 6 mln. 720,8 min manat (84,3%) sığortaedənin vəsaiti, 917,5 min manat (11,5%) sığortaolunanın vəsaiti hesabına, 3,4 min manat gəlirlərə nisbətdə (sərbəst mühasiblər, vəkillər və s.), 293,4 min manat (3,7%) minimum aylıq əmək haqqına nisbətdə (fiziki şəxslərin özlərinə görə), 18,2 min manat (0,3%) kənd təsərrüfatına yararlı torpaq sahələri üzrə, 15 min manat (0,2%) isə digər gəlirlər üzrə hesablanıb.

Audit olunan dövr ərzində şöbə tərəfindən 746 yeni pensiya təyinatı aparılıb. Yeni təyin olunmuş pensiya işlərinin auditi zamanı müəyyən edilib ki, bir sıra hallarda pensiya təyin olunarkən pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları tam araşdırılmamış, sığorta davamiyyəti əmsalı, sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı düzgün nəzərə alınmayıb, pensiyanın təyin edilməsi müddəti dəqiq müəyyən edilməyib.

Müvafiq məlumatlara əsasən mərkəzdə yaradılmış komissiya tərəfindən 2016-cı il ərzində 591 müraciətə baxılıb, bu müraciətlərin hamısı üzrə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin edilib, həmin dövr ərzində 57 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

Təyin edilmiş işlər üzrə ÜSY-nın adambaşına düşən orta məbləği 33,44 manat, həmin dövrdə təyinat üzrə cəmi məbləğ 88,65 min manat təşkil edib.

Araşdırma zamanı ÜSY təyinatı üzrə fəaliyyətdə bir sıra nöqsanlara yol verildiyi, ərizəçilər tərəfindən də ailənin gəlirləri və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması haqqında məlumat verilmədiyi, bağlanmış ÜSY hesablarında vəsait qalığının mövcudluğu aşkar edilib.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Quba rayonunda 856 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb. Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 6 kənddə 108 ÜSY işi üzrə monitorinq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün hərbi xidmətə getməsinin, ailə üzvünün xarici ölkədə yaşamasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Təqdim edilmiş müvafiq məlumatlara əsasən 2016-cı ilin yanvarın 1-nə DSMF-nin Quba rayon şöbəsi üzrə aylıq sosial müavinət, kompensasiya və Azərbaycan prezidentinin təqaüdü işlərinin sayı 8028 olub. Fondun Quba rayon şöbəsi üzrə auditin əhatə etdiyi dövr ərzində 1259 nəfərə yeni təyinat aparılıb.

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin əlavə edilməməsi halları aşkar edilib. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda vəfat etməsi, köçməsi və digər səbəblərdən müavinət işləri dayandırılmış şəxslərin işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Bundan əlavə, müavinətlərin təyin olunması üçün "Sosial müavinətlər haqqında” qanunun tələbləri müavinətin ödənişi müddətində həmin şərtlərin qüvvədə olması vəziyyəti izlənilməyib.

Cari ilin 1 yanvar tarixinə evlərdə səyyar sosial xidmət göstərilən şəxslərin sayı 108 nəfər olmaqla onlara şöbənin 13 sosial xidmətçisi tərəfindən xidmətin göstərilməsi nəzərdə tutulub.

Audit zamanı evlərdə səyyar sosial xidmət göstərilən tək ahıl və əlil şəxslərin işlərinin araşdırılması zamanı müəyyən edilib ki, bir sıra hallarda sosial xidmət göstərilən şəxslərin yaşadığı ərazidə onu saxlamağa borclu olan qohumları olduğu halda şöbə tərəfindən sosial xidmətə götürülüblər.

Şöbənin yerli büdcə vəsaitləri hesabına saxlanılması xərclərinin auditi göstərib ki, auditlə əhatə olunan dövrdə müvafiq əmr olmadan işçilərin kollektiv mükafatlandırılması həyata keçirilib, əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı nöqsanlara və artıq xərclərə yol verilib.

Hesablama Palatasının kollegiyası yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə DSMF-nin Quba rayon şöbəsinə müvafiq təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xəbər lenti