Xəzər Xəbər

Altı tələbənin ölümünə səbəb olan sürücü avtobusu etibarnaməsiz idarə edirmiş

Hadisə | 16:01 • 11 İyul 2017
Altı tələbənin ölümünə səbəb olan sürücü avtobusu etibarnaməsiz idarə edirmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov ifadə verib.


Vüqar Bayramov deyib ki, "Ford" markalı mikroavtobusu N. Hüseynova hadisədən bir həftə əvvəl icarəyə verib.

Onun sözlərinə görə, mikroavtobusu icarəyə verərkən nasaz olduğunu deyib: "Ancaq o dedi ki, özü təmir edəcək. Avtobusda 18 oturacaq var idi. Danışığımız belə oldu ki, Namiq aylıq 700 manat pul verməli idi. Hadisə nəticəsində mikroavtobusa 5 min 900 manat məbləğində ziyan deyib. Ancaq Namiqə qarşı hər hansı şikayətim yoxdur".


Hakimin suallarını cavablandıran V. Bayramov mikroavtobusu N. Hüseynova etibarnaməsiz icarəyə verdiyini də etiraf edib: "Mən mikroavtobusu ona vermişdim, amma demişdim ki, etibarnaməni sonra alarıq. Mən bilmirdim ki, o, mikroavtobusu belə tezliklə idarə edəcək".


Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. (APA)

Xəbər lenti