Xəzər Xəbər

Külli miqdarda pul və qızıl oğurlayan dəstə üzvləri tutulub

Hadisə | 16:52 • 5 İyul 2017
Külli miqdarda pul və qızıl oğurlayan dəstə üzvləri tutulub

İyulun 4-də Zaqatala rayonunun Yuxarı Tala kənd sakini olan İlqar Davudov iyunun 26-da evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, polisə gec müraciət etməsinin səbəbini yaxın çevrəsindən şübhələnməsi və axtarışlarının bir nəticə verməməsi ilə izah edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis rəisi Adil Ələkbərovun rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yeri ətraflı müayinə edilib, oradan oğurluğu törədənlərə məxsus maddi sübutlar aşkar edilərək götürülüb.

"İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Süleyman Davudov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib. Aparılan tədbirlərlə onun oğurluğu Natiq və Şahin adlı həmyerliləri ilə birlikdə törətməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Natiq İsmayılov və Şahin Harunov da saxlanılaraq RPŞ-yə gətiriliblər.

Aparılan araşdırmalar zamanı oğurluğun törədilməsində Süleymanın həm də bələdçilik etməsi, Şahinin isə sürücü kimi fəaliyyəti müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri ilə onların zərərçəkmişin evinə pəncərədən girərək oradan içərisində 1200 ABŞ dolları, 8000 manat dəyərində qızıl-zinət əşyalarının olduğu çantanı götürdükdən sonra istirahət guşələrindən birinə gedərək əldə etdikləri qəniməti öz aralarında bölmələri, çantanı isə şəhərin kənarından keçən Vilvan çayının kənarına atmaları müəyyən edilib. Çanta da maddi sübut kimi polis əməkdaşları tərəfindən həmin yerdən tapılaraq götürülüb və istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti