DİN-dən aşıq Namiq Fərhadoğlu ilə bağlı açıqlama

01.12.2020 11:12

Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.

Xezerxeber.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir.

Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.


Ramil

© xezerxeber.az


496 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR