Abşeronda 19 yaşlı idmançı tanışının qanını tökdü – Detallar

22.11.2019 14:26

Abşeron rayonunda qonşusunu bıçaqlamaqda təqsirli bilinən 2000-ci il təvəllüdlü Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Murad Qocayev 8 dekabr 2017-ci il tarixdə, saat 21 radələrində Mehdiabad qəsəbəsində tanışı Hikmət Əhmədov ilə görüşüb.

O, Hikmət Əhmədova Mehdiabad qəsəbəsi 28 May küçəsində ticarət köşkündə işləyən Samir Quliyevə olan 1000 manat borcunun ödənilmədiyini bildirib.

Bundan narazı qalan Hikmət Əhmədov onun ünvanına nalayiq ifadələr işlədib, cibindən cib bıçağını çıxarıb və Murad Qocayevin qarın nahiyəsinə dirəyib. Murad Qocayev isə Hikmət Əhmədovun qolundan və sinəsindən vurub. Zərbənin təsirindən Hikmət Əhmədovun əlindəki bıçaq yerə düşüb. O, yerdən bıçağı götürərək hadisə yerindən qaçmaq istəyib. Amma ayağı büdrəyib və yerə yıxılıb.

Hikmət Əhmədov Murad Qocayevin arxasınca qaçaraq ayaqlarından tutub, onu başı üzərinə qaldıraraq yerə yıxmaq istəyib. Murad əlindəki bıçaqla Hikmətin kürək və dəfə döş qəfəsinə zərbələr vurub.

Daha sonra Hikmət Əhmədov onu yerə yıxaraq üstünə çıxıb və vurmağa başlayıb. O, Hikmət Əhmədovu özündən kənardaşdırmaq üçün bıçaqla 6 dəfə bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Murad Qocayev onun əlindən çıxaraq hadisə yerindən qaçıb. Hikmət Əhmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Murad Qocayev hərbi xidmətə yollanıb və "N" saylı hərbi hissədə həbs edilib.

İstintaq orqanı tərəfindən Murad Qocayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Qocayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Murad Qocayev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Murad Qocayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Murad Qocayevin apelyasiya şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 1 il 6 aya endirilib.

Murad Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR