Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların ADLARI və VƏZİYYƏTİ

07.12.2018 12:20

Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan Trend-ə verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR