Namaz qılmağa gedən kişiyə qarşı bacısı oğlundan DƏHŞƏTLİ ƏMƏL

13.06.2018 16:02

Ağcabədi rayonunda pul borcu üstündə qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qiyas Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qiyas Əhmədov əvvəllər, yəni 2011-ci ildə pul borcuna görə dayısı Kamil İbrahimovla aralarında narazılıqları olub və bu narazılıqlara görə münasibətləri soyuq olub.

Qiyas Əhmədov Kamil İbrahimova Ağcabədi rayonu, Nəcəfqulubəyli kənd məscidinə bağışladığı namaz qılmaq üçün nəzərdə tutulmuş xalçanın məscidin mollası tərəfindən sonradan Kamilə verilməsindən xəbər tutub, xalçanı yenidən özünə qaytarmaqdan ötrü 12 mart 2017-ci il tarixdə, saat 13.00-da dayısının evinə gedib.

Qiyas evin həyətində dayısından həmin xalçanı qaytarmasını tələb edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Münaqişə zamanı Qiyas Kamil İbrahimov tərəfindən döyülüb.

Həmçinin Kamil İbrahimov həmin vaxt Qiyas Əhmədovun anasının ünvanına nalayiq sözlər işlədib.

Bu səbəbdən Qiyas Əhmədov Kamil İbrahimovdan qisas alıb, onu öldürmək qərarına gəlib.

Martın 17-də cümə namazı qılmaq üçün Kamil İbrahimovun məscidə tək gedəcəyini əvvəldən bilən Qiyas Əhmədov bu planını həyata keçirmək istəyib.

Qiyas Əhmədov həmin gün saat 11-radələrində dayısını güdüb və ona arxadan yaxınlaşaraq 4 bıçaq zərbəsi vurub.

Daha sonra Qiyas Əhmədov bıçaq zərbələrini davam etdirərkən Kamil İbrahimov həyatını xilas etmək məqsədi ilə qışqırıb, kömək üçün çağırışlar edib.

Kamil İbrahimov silahlı bacısı oğlunun əlindən çıxaraq qaçmağa başlayıb. Bu zaman Qiyas Əhmədov dayısını öldürmək məqsədi ilə onun arxasınca qaçıb.

Qiyas Əhmədov bir qədər aralıda Kamil İbrahimovun çağırışlarına küçəyə çıxmış kənd sakinlərini görməsi ilə əlaqədar təqibi dayandırıb və geri qayıdıb.

Bu anda Kamil İbrahimov aldığı xəsarətlərdən huşunu itirərək yerə yıxılıb. Ona kənd həkim məntəqəsinin tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib.

Daha sonra Kamil İbrahimov Ağcabədi rayon mərkəzi xəstəxanasına vaxtında çatdırılmaqla göstərilmiş intensiv tibbi yardımlarla əlaqədar həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Qiyas Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas Əhmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı Qiyas Əhmədov apelyasiya şikayəti verib. O, qeyd edib ki, Kamil İbrahimovu öldürmək niyyəti olmayıb.

Onun şikayətinə görə, Kamil İbrahimovla pul borcuna görə mübahisəsi yaranıb, bu səbəbdən onu cəzalandırmaq fikrinə düşüb.

Qiyas Əhmədov işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyib.

Qiyas Əhmədovun şikayəti araşdırlması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada Qiyas Əhmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda apelyasiya şikayətinin təmin olunmaması barədə qərar açıqlayıb./publika.az

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR