Bıçaqlanan şəxs polisə yalan danışdı

12.09.2017 13:29

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-də saat 23 radələrində Goranboy rayonunun Rus Borisi kəndinin ərazisindən Bakı şəhər sakini Marat Hüseynzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır. M.Hüseynzadə Xocalı RPŞ-nin əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbirstanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət almasını bildirib.

Lakin yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan Xocalı RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə müəyyən edilib ki, M.Hüseynzadə düzgün izahat verməyib, ona bıçaqla xəsarət yetirilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb.

Əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri nəticəsində hadisənin M.Hüseynzadənin qohumu Rus Borisi kənd sakini Nurəddin Həsənov tərəfindən törədilməsi müəyyən edilib, o Xocalı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR