DSX-nın Mətbuat mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, 2018-ci ilin sentyabr ayının 3-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində "Niva” markalı AZ 43-BC-686 nömrəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub, avtomobildə olan 3 nəfər naməlum şəxsin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtarması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.
Qeyd edilən şəxslərin yaxalanması barədə qərar verilib, sərhədçilərin "Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunub.