Xəzər Xəbər

İnternetdə yeni şantaj növü: Rüsvayçı fotoları yayan şəbəkə fəaliyyət göstərir

Hadisə | 16:50 • 21 May 2019
İnternetdə yeni şantaj növü:

İnternet fırıldaqçılarına ən çox qazanc gətirən vasitələrdən biri də şantajdır. Rusiyanın "İzvestiya” qəzetinin yazdığına görə, bu ölkədə xeyli yeniyetmə qız dələduzların tələsinə düşür.

Bu fırıldaq növünün Filippində yarandığı hesab olunur. Bu Asiya ölkəsinin qadınları daha çox amerikalı, britaniyalı kişilərlə tanış olur, onlara virtual intim yaxınlıq təklif edir. Beləcə, kişilərin görüntüləri əldə olunur, həmin adamlar şantaja məruz qalırdılar.

Rusiya peşəkar sosial şəbəkə və messencer istifadəçiləri assosiasiyasının direktoru Vladimir Zıkov deyir ki, ölkəsində filippinlilərdən çox şey öyrəniblər. Burada daha çox kişilər gənc qızları tora salır. Özlərini uğurlu adam kimi təqdim edirlər. Bahalı kurortlarda istirahət vəd olunur. Kişi yavaş-yavaş qızın etibarını qazanır, onun sosial şəbəkə hesabları haqda soruşur, dostlarını tanıyır. Yaxınlaşma qızın intim fotolarını əldə etmək mərhələsinə çatır. Bundan sonra şantaj başlayır. Ertəsi gün kişi "maska”sını çıxarır və qıza konkret məbləğ söyləyir. Halbuki qız tamam başqa xülyalar qurmuşdu. Perspektivdə onun üçün toy, gözəl ailə həyatı, uşaq var idi.

İşin kədərli tərəfi odur ki, hətta dələduza pul ödəmək də qurbanı xilas etmir. Fotolar əvvəl-axır internetə ayaq açır. Dələduz pulunu alsa belə.

Zıkov deyir ki, qızları rüsvay edən xüsusi sayt da yarıdılıb. Sayta giriş pulludur, həftədə 150 rubl ödəmək lazımdır. Portal rəhbərliyi qanunsuz fəaliyyət göstərsə də, hələ də bu biznesdən qazanc götürür. Zıkov Rusiyanın 600 şəhərindən 3 minə qədər qızın qurbana çevrildiyini bildirir.

"İzvestiya” qəzeti qurbanlardan biri ilə söhbət edib. Hüquqşünas olan Anastasiya 23 yaşında belə tələyə düşüb. Onu şantaj edərək həm pulunu alıblar, həm də intim fotolarını internetdə yerləşdiriblər. Qız intihar həddinə çatıb. İşdə hamı fotolardan xəbər tutub deyə, oradan uzaqlaşmalı olub. Sonda özünə zərər vurmaq əvəzinə hüququnu müdafiə etmək qərarına gəlib./Bizimyol.info

Xəbər lenti