Xəzər Xəbər

Zəlzələ nəticəsində dağılan evlər sökülür FOTO

Hadisə | 15:24 • 9 Fevral 2019
Zəlzələ nəticəsində dağılan evlər sökülür

Məlum olub ki, 41 ev tamamilə yaşamaq üçün yararsızdır.

Şamaxı rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komissiyaya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib.

Məlum olub ki, 41 ev tamamilə yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. Daha 87 ev isə qənaətbəxş hesab edilib.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Prezidentİlham Əliyevfevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib, zərər dəymiş evlərin sakinləri ilə görüşüb.

Dövlət başçısının sərəncamı ilə baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb. (Oxu.az)


Xəbər lenti