Xəzər Xəbər

Bakıda şagird 9 nəfəri bibər qazı ilə zəhərlədi

Hadisə | 13:09 • 10 Oktyabr 2018
Bakıda şagird 9 nəfəri bibər qazı ilə zəhərlədi
Bakıda şagird məktəbə bibər qazı gətirib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə baş verib. Şagirdin məktəbdə bibər qazından istifadə etməsi nəticəsində bir neçə məktəbli zəhərlənib.


76 nömrəli tam orta məktəbdən AzVision.az-a verilən məlumata görə, oktyabrın 10-da, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb:


"Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".

Kliniki Tibbi Mərkəzin baş həkimi, baş toksikoloq Azər Maqusodv AzVision.az-a bildirib ki, mərkəzə 6 şagird gətirilib, onların vəziyyəti stabildir.

"Həyatları üçün təhlükə yoxdur. Onlar 1 oğlan, 5 qızdır. Yüngül reaksiyalar, tənginəfəslik var, bir az narahatdırlar. Tədbirlər görülür və yaxın vaxtlarda evə buraxılacaqlar”.

İlkin dindirilmə zamanı hadisəyə səbəb olan məktəbli bibər qazının atasına məxsus olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən isə AzVision.az-a bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 2-i qız, 7-i oğlandır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

Xəbər lenti