Prokurorluq və polis
orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində Beyləqan rayonunda törədilmiş ağır cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən birgə məlumata görə, 2018-ci il sentyabrın 4-də Quba rayon sakini İlqar Fərhadov hüquq-mühafizə orqanlarına müraciət edərək qardaşı, Beyləqan
rayonunun Türklər kəndindəki fermanın ərazisində tikdirdiyi evdə
yaşayan və heyvandarlıqla məşğul olan İldırım Fərhadovun cari il iyul
ayının 28-də Rusiyanın Yessentuki şəhərinə istirahətə getdiyini və ötən
müddət ərzində ondan məlumat ala bilmədiyini bildirib.
Müraciətlə
əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış
tədbirlərinə başlanılıb və onun respublikanı tərk etmədiyi
müəyyənləşdirilib.
Araşdırmalar zamanı İ.Fərhadovun qeyri-rəsmi
nikah münasibətində olduğu Əzizə Sadıqovanın sahibkarın itkin düşməsilə
birbaşa əlaqəsinin olmasına əsaslı şübhələr yaranıb.
Sentyabrın 9-da Bakı
şəhərində saxlanılmış Ə.Sadıqova təkzibedilməz sübutlar və şahid
ifadələrindən sonra İ.Fərhadovun cari il iyul ayının 26-da sonuncuya
məxsus fermada Beyləqan
rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş
Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin
ərazidə basdırıldığını etiraf edib.
Keçirilmiş əməliyyat-axtarış
və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin
ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən
istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd "İJ-16” markalı tüfəng
maddi sübut kimi götürülüb. İldırım Fərhadovun basdırıldığı yer
müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir
tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyatı üzrə
təhvil verilib.
Faktla əlaqədar Beyləqan
rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs,
qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi
ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə
cinayət işi başlanılıb.
Hər iki şəxs istintaqa ifadəsində bu ağır
cinayəti tamah məqsədilə törətdiklərini etiraf ediblər. İş üzrə zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.