"British Airways”
aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol
mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra
Bakı vaxtı ilə iyulun 12-də səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq
Aeroportunda həyəcan siqnalı verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu "Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev
Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla
təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər
yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.