Xəzər Xəbər

Bayıldakı tikililər ərazidə müşahidə aparılmasını çətinləşdirir

Hadisə | 14:27 • 17 May 2018
Bayıldakı tikililər ərazidə müşahidə aparılmasını çətinləşdirir

"Bayılda Buxta küçəsində baş vermiş sürüşmə ilə əlaqədar sabahdan ərazidə mayaklar quraşdırılacaq”

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərzidə aparılan tikinti işləri monitorinq prosesini bir az çətinləşdirib:

"Bu gün evləri yararsız hala düşən sakinlər əşyalarını daşıyır. Küçənin eni isə bir metrdir. Bu da hazırkı durumda orada işləməyimiz mümkünsüz edir. Ərazidə torpaq qatı olmadığından müşahidə aparmağımız bir az çətinləşib. Çünki hər tərəf betonla örtülüb, altında hansı proses getdiyini gözlə müşahidə etmək olmur. Bunun üçün müəyyən geoloji xəritələrimiz və digər imkanlar əsasında araşdırma aparılacaq”.

Ə.Qaralovun sözlərinə görə, Buxta küçəsində baş verən sürüşmənin səbəbi yamacın kəsilməsi və həddən artıq yüklənməsidir.

"Yamac insan amilinin təsirindən həddən artıq yüklənib, yamacın kəsilməsi isə onun dayanıqlığını azaldıb. Bundan başqa, evlər pərakəndə şəkildə tökmə torpaq üzərində inşa edilib. Bir evin arxa divarı digər ev üçün istinad divarı rolunu oynayır, evlər bir-birinə çox yaxındır. Dolayısı ilə bir evdə çökmə baş verəndə digər evə də zərər dəyir. Evlərin altının tökmə torpaq, narın qum olması, uzun müddət ərazidə müəyyən qədər su sızmaları səbəbindən illər ərzində tədricən torpaq qatı boşalıb. Nəticədə bu cür çökmə tipli sürüşmə baş verib. Ərazidəki evlərin ikisi tamamilə uçub, ikisi yararsız halda, 20 ev isə qəzalı vəziyyətdədir. Həmin evlər üçün təhlükə ola biləcəyindən ərazidən köçürülüb. Ərazidəki kommunikasiya xətləri kəsilib”.

Ə.Qaralov onu da vurğulayıb ki, sürüşmə baş verən ərazidən əvvəl də müraciətlər olub.

"Hadisədən bir gün əvvəl əməkdaşlarımız evlərə baxış keçirmək məqsədilə ərazidə olmuşdu. Aparılan monitorinqlər nəticəsində ərazinin sürüşməyə meyilli olması, ərazidə gərginliyin müşahidə edilməsini ilə bağlı rəy verilmişdi. Ora təhlükəli ərazidir. Ümumiyyətlə, Bayıl ərazisi sürşüməyə meyillidir. İlk dəfə ədəbiyyata düşən 1847-ci ildə baş verən sürşümə sahəsidir. Hələ həmin dövrdə ərzidə bu qədər tikinti işləri aparılmamışdı”.

Qeyd edək ki, mayın 15-də saat 20.00 radələrində Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib.

Xəbər lenti